ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRİ VƏ İRANIN AZAD İSLAM UNİVERSİTETİNİN REKTORU MÜVAFİQ SAHƏ ÜZRƏ MÜZAKİRƏLƏR APARMIŞLAR
Bakı, 15 may (AZƏRTAC). Təhsil Nazirliyindən bildirmişlər ki, nazir Misir Mərdanov İranın Azad İslam Universitetinin rektoru Abdullah Casbinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə M.Mərdanov Bakıda keçirilən İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransının əhəmiyyətini vurğulamış, belə yüksək səviyyəli tədbirin təşkilində İSESKO-nun mühüm rolu olduğunu bildirmişdir. Nazir, eyni zamanda, təhsil sahəsindəki əlaqələrimizdən danışmışdır.
Abdullah Casbi ölkələrimiz arasında ortaq mədəni əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu nəzərə çarpdırmışdır. Qonaq, eyni zamanda, qarşılıqlı təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətlərindən söhbət açmış, rəhbərlik etdiyi universitet barədə məlumat vermişdir.
Aparılan müzakirələrin əhəmiyyətli olacağını bildirən M.Mərdanov gələcəkdə ölkələrimizin təhsil sahəsində əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami iştirak etmişdir.