ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində bu qurumun struktur bölmə rəhbərlərinin təqdimat-məruzələri dinlənilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 30-da Təhsil Nazirliyində bu qurumun struktur bölmə rəhbərlərinin təqdimat-məruzələri dinlənilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təqdimat-məruzə ilə çıxış edən nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı qeyd etmişdir ki, fevralın 13-19-da dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədi ilə şöbənin əməkdaşları Türkiyə Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunda olmuşlar. Şöbə müdiri qardaş ölkədə dərslik dəstlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi, qiymətləndirmə üçün daxil olmuş kitabların kodlaşdırılması və bu kimi digər məsələlər üzrə zəngin təcrübə qazandıqlarını nəzərə çarpdırmışdır.
F.Şahbazlı, eyni zamanda, səfər çərçivəsində Türkiyədə müəllim və şagirdlərlə keçirilmiş görüşlər, aparılan təcrübə mübadilələri barədə məlumat vermişdir.
Nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Almaniya Federativ Respublikası Baden-Vürttenberq əyalətinin peşə təhsili sisteminin strukturu” mövzusunda təqdimatla çıxış etmiş, orada peşə hazırlığı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Sonra digər təqdimat-məruzələr dinlənilmişdir.
Təhsil naziri Misir Mərdanov təqdimat-məruzələrdə qeyd olunan məsələlər barədə fikrini bildirmiş, təkliflərini vermişdir.