ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində TQDK tərəfindən doqquzuncu siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Təhsil Nazirliyində 2012/2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılmışdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), nazirliyə tabe məktəbləri və ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə etmişdir. 336 məktəb haqqında toplanılmış məlumat əsasında tədqiqatın hesabatı hazırlanmışdır.
Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlamışdır. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012/2013-cü və 2011/2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapmışdır.
2013-cü ildə TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında Bakı şəhəri məktəblərinin IX sinif məzunlarının göstərdiyi nəticələrə dair Təhsil Nazirliyinin Hesabatı və Bakı məktəblərinin 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanının nəticələrinə görə reytinq göstəriciləri nazirliyin müvafiq saytında verilmişdir.