ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzuları müzakirə olunmuşdur
Bakı, 8 yanvar (AZƏRTAC). Yanvarın 8-də Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, iclasda nazir Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulamış, bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışmışdır.
Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2012-ci ildə, əsasən tətbiqi xarakterli mövzuların araşdırıldığını qeyd etmişdir. O, tədqiqat mövzuları müəyyənləşdirilərkən nazirliyin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını diqqətə çatdırmışdır. Müəyyənləşdirilmiş mövzular üzrə konkret tədqiqatların aparıldığını söyləyən A.Mehrabov xüsusi olaraq ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, uşaqların məktəbə müsabiqə yolu ilə qəbulu problemləri, yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik dəstlərinin təhlili və təkmilləşdirilməsi, təlim prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarından istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onun təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə və TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrin təhlili, ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi məsələlərinə önəm verildiyini açıqlamışdır. A.Mehrabov, həmçinin tədqiqat mövzularında müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi, ilkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi, əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri, ilkin müəllim hazırlığı üzrə ibtidai təhsil proqramlarının məzmununun mövcud vəziyyəti və yeni fənn kurikulumları baxımından təkmilləşdirilməsi, eləcə də digər məsələlərin əhatə edildiyini vurğulamış, onların mahiyyətindən bəhs etmişdir.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov bir sıra tədqiqat mövzuları barədə məlumat vermiş, əldə olunmuş nəticələri diqqətə çatdırmışlar.
M.Mərdanov Təhsil Problemləri İnstitutunun nazirlik ilə birgə elmi seminarlar təşkil etməsinin əhəmiyyətini vurğulamış, fikir və tövsiyələrini bildirmişdir.