REGİONLAR
Tələbə adını qazanan ağdamlı məzunlar mükafatlandırılıblar
Ağdam, 9 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 621 nəfəri tələbə adını qazanıb. Gənclərdən 59 nəfəri 500-600 arası, 17 nəfəri isə 600-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində 2021-2022-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Tədbirin sonunda bir qrup müəllim, əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər mükafatlandırılıb.