ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının 14-cü konfransında iştirak edəcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 7-dən 9-dək Fransanın paytaxtı Paris şəhərində Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransı keçiriləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, “Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə” mövzusunda təşkil olunacaq tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcəklər.
Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsi, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi olacaqdır.