REGİONLAR
Tələbələr Naxçıvanşünaslıq Mərkəzində keçirilən açıq dərsdə iştirak ediblər
Naxçıvan, 3 mart, AZƏRTAC
Ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün muxtar respublikada bütün sosial, iqtisadi, infrastruktur və təhlükəsizlik məsələləri yüksək səviyyədə öz həllini tapıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin tələbələrinin iştirakı ilə “Naxçıvan innovativ inkişaf mərhələsində” mövzusunda açıq dərsdə bu barədə danışılıb. Əvvəlcə tələbələrə mərkəz haqqında ətraflı məlumat verilib.
Mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, ötən müddətdə Naxçıvan Muxtar Respublikasında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qazanılan uğurların təməlində Ulu Öndərin müəyyənləşdirdiyi siyasət dayanır. Muxtar respublikanın müstəqillik illərindəki sürətli və hərtərəfli yüksəlişi Azərbaycan dövlətinin müasir inkişafının real təzahürlərindən, mühüm inkişaf göstəricilərindən biridir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı da özünəməxsusluğu ilə fərqlənir. Bu inkişaf blokada vəziyyətində əldə edilib. Muxtar respublika iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son illər qəbul edilmiş mühüm Dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edib. İqtisadi və sosial inkişafda innovasiya amilinin nəzərə alınması qəbul edilən həmin Dövlət proqramlarında aydın şəkildə ifadə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın innovasiyalı inkişafını nəzərdə tutan növbəti mühüm dövlət sənədidir. Proqramda investisiya və innovasiya fəallığının artırılması üçün tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, innovativ təsərrüfatçılıq formalarının yaradılması prioritet vəzifələr kimi qarşıya qoyulub. Beləliklə, həyata keçirilən və görülən işlər muxtar respublikanın, bütövlükdə, sosial-iqtisadi yüksəlişinin innovativ və kreativ imkanlarla təmin olunduğunu deməyə əsas verir.
Sonra tələbələr mərkəzdə “Ümummilli lider Heydər Əliyev”, “Oxunması zəruri olan kitablar”, “Yeni nəşrlər”, “Rudolf İvanov”, “Şərq qapısı”-100” adlı sərgilərlə tanış olublar.