İQTİSADİYYAT
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi beynəlxalq standart üzrə kurs təşkil etmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). ARDNŞ-də aparılan metal-qaynaq tikişlərinin keyfiyyətinin beynəlxalq standartların tələbləri səviyyəsində yoxlanılması üçün işçi heyətin maarifləndirilməsi vacib şərtlərdən biridir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə sentyabrın 10-dan 14-dək Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təşəbbüsü ilə Kadr hazırlığının təşkili mərkəzində ARDNŞ-in müəssisə və təşkilatlarında çalışan müvafiq mütəxəssislər üçün “Təxribatsız müayinə (NDT) - ultrasəs müayinə metodu” kursu təşkil olunmuşdur. Kurs ölkəmizdə ilk dəfə Azərbaycan dilində, 3-cü dərəcəli təxribatsız müayinə üzrə mütəxəssis, TTSİ-nin əməkdaşı Ruslan İbrahimov tərəfindən SNT -TC-1 A beynəlxalq standartının tələb və şərtlərinə uyğun olaraq keçirilir. Şirkətin müxtəlif struktur bölmələrindən kursa 13 nəfər cəlb olunmuşdur. Kurs zamanı dinləyicilərə qaynaq işləri görülərkən təhlükəsiz iş şəraitinin yaradılması, qaynaq işlərinə nəzarətin düzgün təşkili, ultrasəs metodunun yaranma texnologiyası, metal və qaynaq tikişlərinin zədələnmədən keyfiyyətinin müayinə edilməsi, səs dalğaları, onların bərk, maye və qaz maddələrdə hərəkəti, ultrasəs dalğalarının köməyi ilə lövhələrin, boruların və digər birləşmələrin daxili səthlərində qüsurların aşkarlanması haqqında məlumat veriləcəkdir. Kursu müvəffəqiyyətlə başa vurmuş iştirakçılara xüsusi (I və II səviyyə) beynəlxalq sertifikatlar təqdim olunacaqdır.