İQTİSADİYYAT
Təmizləyici qurğularda profilaktiki təmir işləri həyata keçirilir
![Təmizləyici qurğularda profilaktiki təmir işləri həyata keçirilir](/files/2014/2/1200x630/14090472016516412986_1200x630.jpg)
Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) xidmət sahələrinə daxil olan sənaye-çirkab, axıntı, məişət sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, keyfiyyətin daha da yaxşılaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirir.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisənin tullantıların emalı departamenti bu məqsədlə Heydər Əliyev adına Bakı neft emalı zavodunun və “Azərneftyağ” neft emalı zavodunun istehsalat sahələrində istismarda olan mexaniki təmizləyici qurğularda mütəmadi olaraq profilaktiki təmir işləri aparır, qurğularda yığılmış neftşlam təkrar emal olunaraq zərərsizləşdirilir.
Cari ilin müvafiq dövründə mexaniki təmizləyici qurğular sistemində, həmçinin dekantor və trikantor qurğularında zəruri profilaktiki təmir işləri yerinə yetirilib. Hazırda departamentin 6-cı sahəsində mexaniki təmizləyici qurğular sisteminin ikinci çökdürücü gölündə təmizləmə və təmir işləri aparılır. Eyni zamanda, qurğuların istismar müddətinin artırılması və texniki şərtlərin təmin edilməsi üçün rəngləmə işləri görülür.