SİYASƏT
Tərtərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Tərtər, 26 may (AZƏRTAC). Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzmüş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən, dövlətçilik tariximizdə rolundan danışmışlar. O vaxtkı hökumətin demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, milli ordunun yaradılması sahəsində oynadığı rol yüksək qiymətləndirilmişdir.
İkinci dəfə müstəqilliyini bərpa edən dövlətimizin möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən natiqlər, ulu öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən şəxslərə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasına yeni qəbul olan gənclərə vəsiqələr təqdim edilmişdir.