Tərtərdə keçirilən intellektual yarışda 8 komanda mübarizə aparıb
Tərtər, 7 may, AZƏRTAC
Tərtərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən intellektual yarışda rayonun ümumtəhsil məktəblərinin şagirdləri və N saylı hərbi hissənin əsgərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təhsil şöbəsi, gənclər və idman idarəsi ilə birgə təşkil etdiyi yarışda 8 komanda mübarizə aparıb.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar. Bu cür yarışların keçirilməsinin məktəblilərin intellektual səviyyələrinin yüksəldilməsində əhəmiyyəti yüksək qiymətləndirilib.
Üç mərhələdə keçirilən yarışda daha yüksək bilik nümayiş etdirən N saylı hərbi hissənin “Azimut” komandası birinci və “Mübarizlər” komandası ikinci, Tərtər şəhər 5 nömrəli tam orta məktəbin “Qaliblər” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalara kubok və diplomlar təqdim edilib.