REGİONLAR
Tərtərdə şəhid İntiqam Ağayevin xatirəsinə tikilmiş bulağın açılışı olub
Tərtər, 8 oktyabr, AZƏRTAC
Tərtər rayonunun Səhləbad kəndində Vətən müharibəsi şəhidi İntiqam Ağayevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinə şəhidlərin ruhuna dua oxunub.
Mərasimdə bildirilib ki, Səhləbad kəndi Birinci Qarabağ müharibəsində 9, Vətən müharibəsində isə 2 nəfər şəhid verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirə kompleksi ucaldılıb, üç şəhid bulağı tikilib. Məlumat verilib ki, şəhid İntiqam Ağayev Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin infrastrukturuna düşmənin vurduğu ziyandan, erməni ordusunun mülki əhaliyə xain hücumlarından, Vətən uğrunda canından keçmiş 46 tərtərli hərbçidən, onların hamıya örnək olan şərəfli həyat yolundan da söhbət açıb.
Tədbirdə çıxış edən kənd ağsaqqalı İman Almurdov, Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi İbrahimov, şəhidin dayısı Kömək Hüseynov şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda Səhləbad kənd tam orta məktəbinin şagirdləri Vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.