REGİONLAR
Tərtərdə Vətən müharibəsinin cəsur döyüşçüsü Əhməd İsmayılovun toy mərasimi el şənliyinə çevrilib
Tərtər, 23 oktyabr, AZƏRTAC
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız Müzəffər Ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Vətən müharibəsinin cəsur döyüşçülərindən biri də gizir Əhməd İsmayılovdur.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Əhməd İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ və digər yüksəkliklərin, 20-yə yaxın postun, Talış, Suqovuşan kəndlərinin işğaldan azad edilməsində iştirak edib. Hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunda cəsur döyüşçünün toy mərasimi keçirilib. Toy mərasimində onun yaxınları, ailə üzvləri ilə bərabər, silahdaşları, qazilər, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni ailə quran gəncləri təbrik edib, qazilərə cansağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib. Əhməd İsmayılovun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən danışıb, onun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı ailə başçısı olacağını bildirib.
Milli Məclis sədrinin müavini Adil Əliyev cəsur döyüşçünü ailə qurmağı münasibətilə təbrik edib, onlara xoşbəxt, firavan həyat arzulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan oğullar - şəhidlərimiz, qazilər, veteranlar sayəsində zəfər qazanılıb. Onlara diqqət və qayğı isə hər bir dövlət məmurunun borcudur.
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə və digər çıxış edənlər də yeni ailə quran gəncləri təbrik edərək, xoş arzularını çatdırıblar.
Toy mərasimi əsl el şənliyinə çevrilib. Rayon rəsmiləri, gələn qonaqlar qazilərlə birlikdə rəqs ediblər. Hər kəs toy məclisindən xoş təəssüratla ayrılıb.