Tərtərdəki N saylı hərbi hissədə bayram şənliyi
Tərtər, 16 mart, AZƏRTAC
Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni oxunub.
Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və başqaları çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.
Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.
Hərbçilərə hədiyyələr və bayram sovqatı təqdim edilib. Tərtər rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.