ELM VƏ TƏHSİL
Tərtərin təhsil işçiləri peşə bayramlarını qeyd etmişlər
Tərtər, 4 oktyabr (AZƏRTAC). 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Tərtər şəhərindəki 1 nömrəli tam orta məktəbdə mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramı münasibətilə təbrik etmiş, son illər rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərə dərin bilik verilməsi istiqamətində görülən işlərdən, təhsil sistemində əldə olunan nailiyyətlərdən danışmışlar. Bildirilmişdir ki, 2011-2012-ci dərs ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 138 nəfər tələbə adını qazanmış, Cəmilli kənd tam orta məktəbin müəllimi Zeynalabdin Həsənov “İlin ən yaxşı müəllimi” müsabiqənin qalibi olmuşdur. Yeni tədris ilinin ilk günündə 960 şagird yerlik şəhər 1 nömrəli, 220 şagird yerlik Kəngərli kənd, 160 şagird yerlik Seydimli kənd tam orta məktəbləri üçün yeni binalar və əsaslı təmir olunmuş 90 yerlik Seydimli kənd körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir.
Mərasimdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərmanlar təqdim olunmuşdur. Bayram tədbiri ədəbi-bədii kompozisiya və musiqi nömrələri ilə davam etmişdir.