ELM VƏ TƏHSİL
Test tapşırıqlarından ibarət dərs vəsaitlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr olmuşdur
Bakı, 27 yanvar (AZƏRTAC). Coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda TQDK tərəfindən ümumtəhsil müəssisələrinin VI və VII sinifləri üçün hazırlanmış test tapşırıqlarından ibarət dərs vəsaitlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Bakı və Sumqayıt şəhərlərindən orta və ali məktəb müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrində müvafiq fənn müəllimləri də seminarda iştirak etmiş, onlayn rejimində internet vasitəsilə fikirlərini açıqlamışlar.
Ümumtəhsil müəssisələrində tədris prosesində biliklərin operativ yoxlanılması və qiymətləndirilməsi, şagirdlərdə testlərlə işləmək vərdişinin artırılmasına kömək məqsədilə nəşr edilən bu vəsaitlərin şagird və müəllimlər üçün praktiki əhəmiyyəti qeyd olunmuş və onların təkmilləşdirilməsi ilə əlaqədar təkliflər verilmişdir.