ELM VƏ TƏHSİL
Test tapşırıqlarının dərsliklərə və müvafiq qəbul proqramına uyğunluğu təsdiqlənmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda bu il ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları (B variantı) statistik göstəricilər əsasında elmi-metodiki cəhətdən müzakirə olunmuşdur.
Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran regional bölmələrində müvafiq fənn müəllimləri də eyni vaxtda bu seminarda iştirak etmiş, onlayn rejimində internet vasitəsilə test tapşırıqları barədə fikirlərini açıqlamışlar.
Test tapşırıqlarının dərsliklərə və qəbul proqramına uyğunluğu təsdiqlənmişdir.
Növbəti seminarda II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında təklif olunmuş test tapşırıqlarının (A və C variantları) müzakirəsi aparılacaqdır.