Tibb Universitetində Amerika Ürək Assosiasiyasının proqramı əsasında təlim başlanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) II müalicə-profilaktika fakültəsində Amerika Ürək Assosiasiyasının proqramı əsasında təlimə başlanılıb. Təlim fakültənin IV kurs tələbəsi Oqtay Hüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, kurslarda tələbələrə infarkt, insult, taxikardiya, bradikardiya, ürəyin blokadası zamanı ilk yardımın üsulları tədris olunur.
O.Hüseynov Amerika Ürək Assosiasiyasının proqramı üzrə “Advanced Cardiovascular Life Support” (ACLS) kursunu müvəffəqiyyətlə bitirib və imtahandan keçərək sertifikat alıb. O, bu yol ilə ACLS kursunda əldə etdiyi bilikləri ATU tələbələri ilə bölüşdüyünü bildirib: “Dərsləri keçmək üçün lazımi avadanlığımız da var. Yalnız Basic Life Support (BLS) kursunu keçənlər bu kursa buraxılırlar. Sözügedən kurs ayda bir dəfə keçirilir və bir gün ərzində davam edir. Mən ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı tədris manekenlərindən istifadə edərək, praktiki olaraq bu nəzəriyyəni tələbələrə göstərirəm, onlar da bu manekenlər üzərində öz praktiki bacarıqlarını nümayiş etdirirlər. Təlimin sonunda iki mərhələdən ibarət imtahan keçirilir. Təbii ki, test imtahanını keçə bilməyənlər bacarıq imtahanına buraxılmırlar”.