CƏMİYYƏT
Tibbi-sosial ekspert komissiyalarda müasir tələblərə uyğun iş şəraitinin yaradılmasına başlanılıb
Bakı, 24 iyul (AZƏRTAC). İyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakının Binəqədi rayonu üzrə 6 saylı tibbi-sosial ekspert komissiyasının əsaslı təmirdən sonra lazımi avadanlıqlarla təchiz edilmiş binasının açılışı olub.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, açılışda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparıldığını vurğulayıb.
Hazırda ƏƏSMN-nin bütün bölgələr üzrə tibbi-sosial ekspert komissiyalarının fəaliyyət göstərdiyini qeyd edən S.Müslümov bu komissiyaların köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb.
Bildirilib ki, hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının və s. aradan qalxmasına səbəb olacaq. Nazir deyib ki, hazırda ölkə üzrə tibbi-sosial ekspert komissiyalarının müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır.
S.Müslümov bütün yerli qurumlar kimi, tibbi-sosial ekspert komissiyalarında da müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib. Qeyd olunub ki, nazirliyin bir sıra yerli qurumlarının ümumi iş şəraiti normaldır, lakin bununla belə nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda həmin qurumlarda, o cümlədən tibbi-sosial ekspert komissiyalarda müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparılır.
Sonra tədbir iştirakçıları komissiya əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olub, aparılan müayinələri izləyiblər.