Tovuzda 1300-dən çox sakin səyyar “ASAN xidmət”dən yararlanıb
Tovuz, 12 may, Famil Quliyev, AZƏRTAC
Mayın 1-dən etibarən Tovuzun Qovlar şəhərində vətəndaşlara xidmət göstərən səyyar “ASAN xidmət”dən indiyədək 1300-dən çox sakin yararlanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə səyyar “ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov məlumat verib.
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, səyyar “ASAN xidmət”dən Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 14 rayonun sakinləri və bu rayonlarda məskunlaşmış məcburi köçkünlər də yararlanırlar.