İQTİSADİYYAT
Tovuzda Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan rabitəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Tovuz, 8 may (AZƏRTAC). Mayın 8-də Tovuz Rayon Telekommunikasiya Qovşağında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan rabitəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon telekommunikasiya qovşağının rəisi Yaşar İbrahimov Ulu Öndərin Azərbaycan rabitəsinin inkişafındakı xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, müstəqillik illərində Azərbaycana rəhbərlik edən dünya şöhrətli siyasətçi Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanmaq məqsədilə həyata keçirdiyi tədbirlər bu gün öz real bəhrəsini verməkdədir.
Ulu Öndərin vaxtilə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu sahədə mühüm rol oynayır.
Diqqətə çatdırılmışdır ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur.
Bu ilin fevralında Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsidir.
Tədbirdə çıxış edənlər Ulu Öndərin müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən danışmışlar. Qeyd edilmişdir ki, Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də xidmətləri əvəzsizdir.