SİYASƏT
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri xalqımızı Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etmişlər
İstanbul, 17 oktyabr (AZƏRTAC). Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri təbrik bəyanatları vermişlər.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvarın təbrikində deyilir: Azərbaycan və Türkiyə ortaq taleyin yoğurduğu tək bir millətdir. Bu qardaşlıq bağlarının sözlə anladılması və başqalarının anlaması mümkün deyildir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri və Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı tarixə yazılmışdır və bu prinsiplər üzərində təşəkkül tapmış münasibətlər ölkələrimizin indiki rəhbərləri tərəfindən də uğurla inkişaf etdirilir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Adnan Yılmazın bəyanatında da iki qardaş ölkənin misli-bərabəri olmayan dostluq və qardaşlıq əlaqələrini gündən-günə möhkəmləndirdiyi, dünyada iqtisadi böhranın davam etdiyi bir dövrdə Türkiyə və Azərbaycanın parlayan ulduz olduqları vurğulanır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul