CƏMİYYƏT
Türkiyə səfirliyi “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda yaradıcılıq müsabiqəsi keçirir
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan ilə görüşmüşdür.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında çoxtərəfli əməkdaşlığın media və mədəniyyət sahələrində də inkişaf etdiyini vurğulamışlar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Bununla bağlı aprelin 15-dən mayın 15-dək Azərbaycan jurnalistləri arasında “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda yaradıcılıq müsabiqəsinin keçiriləcəyi qərara alınmışdır. Bildirilmişdir ki, müsabiqədə ən yaxşı nəticə göstərəcək yeddi yazının müəllifləri Türkiyənin müxtəlif görməli yerlərinə, eləcə də tarixi bölgələrinə səfər edəcəklər.