İDMAN
Türkiyə taekvondoçuları Bakıdakı dünya çempionatında iki qızıl medal qazanıb
Bakı, 26 iyul (AZƏRTAC, Məmməd İsayev). Bakıda təşkil edilən taekvondo üzrə yeniyetmələr arasında keçirilən birinci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirin üçüncü günündə oğlanlar arasında 53, 57, qızların mübarizəsində isə 47, 51 və 55 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
İyulun 26-da Azərbaycan komandasının beş üzvü - Nuranə İbrahimova (47 kq), Şəms İsayeva (51 kq), Rafaella Hüseynova (55 kq), Qasım Aslanov (53 kq) və Nicat Musayev (57 kq) birincilik uğrunda dayanq üzərinə çıxıblar. Taekvondoçularımız mükafatçılar sırasında yer ala bilməyiblər. Qasım Aslanov (53 kq) ilk görüşdə David Baumana (Avstriya) qalib gələrək növbəti mərhələyə adlasa da ikinci görüşdə məğlub olub. Nicat Musayev, Nuranə İbrahimova, Şəms İsayeva və Rafaella Hüseynova isə ilk görüşlərdən sonra turnirdə iştiraklarını yekunlaşdırıblar.
Turnirin final mərhələsi də gərgin idman mübarizəsi ilə yadda qalıb. Qızlar arasında Guan Jie Vu (47 kq, Çin), Tuğba Yılmaz
(51 kq, Türkiyə), Yılmaz Aleyna (55 kq, Türkiyə), oğlanların mübarizəsində isə Amir Hossein Kolivand (57 kq, İran), Ui-Hyeon Lee (53 kq, Cənubi Koreya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblərə medallar təqdim olunub.
Dörd gün davam edəcək çempionatda 65-ə yaxın ölkədən 600-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Yarışlara iyulun 27-də yekun vurulacaq.