CƏMİYYƏT
Türkiyədə Beynəlxalq “Xeyirxahlıq” mükafatları üzrə müsabiqə elan olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Türkiyə Diyanət Vəqfinin məlumatında bildirilir ki, bu il keçirilən V Beynəlxalq Xeyirxahlıq mükafatları üçün müraciətlərin qəbuluna başlanılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, müraciətlər (xeyirxah işlər barədə əhvalatlar) dekabrın 31-dək vəqfin elektron ünvanına göndəriləcək. Mükafatların sahiblərinin adları münsiflər heyətinin qərarından sonra - 2019-cu ildə elan olunacaq.
Türkiyə Diyanət Vəqfinin baş direktoru Məhmət Savaşsın sözlərinə görə, müsabiqənin təşkilatçıları xeyirxah işlərlə bağlı nümunələri ictimaiyyətin diqqətinə çatdırmaq, bununla da şəfqət və xeyriyyəçilik ideyalarının yayılmasına kömək etmək istəyirlər.
Xeyirxah insanlarla bağlı əhvalatlarla vəqfin www.uluslararasiiyilikodulleri.com. saytında tanış olmaq olar.