SİYASƏT
Türkiyədə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlər davam edir
Bakı, 18 may (AZƏRTAC). Qardaş Türkiyədə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirləri çərçivəsində qardaş ölkənin Qars vilayətində “Heydər Əliyevin xarici siyasəti” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən təşkil edilmiş beynəlxalq konfransın iştirakçıları, o cümlədən Qars valisi Əyyub Təpə, şəhər bələdiyyəsinin sədri Nevzat Bozkuş və digər rəsmi şəxslər əvvəlcə ulu öndər Heydər Əliyevin Qarsdakı büstü önünə əklil qoymuşlar. Dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra Qarsdakı Qafqaz Universitetində davam edən elmi konfransda Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.
Toplantıda çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov bildirmişdir ki, xalqımız ümummilli lider Heydər Əliyevin ölkənin xilası və tərəqqisindəki tarixi rolunu heç vaxt unutmayacaqdır. Dahi şəxsiyyətin siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz bu siyasət sayəsində sürətlə inkişaf edir.
Qarsdakı Qafqaz Universitetinin rektoru, professor Sami Özcan isə Ulu Öndərin Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafında misilsiz xidmətləri olduğunu bildirmişdir.
Konfransda məruzə ilə çıxış edən Naxçıvan Dövlət Universiteti və Qarsdakı Qafqaz Universitetinin alimləri ulu öndər Heydər Əliyevin xarici siyasətinin müxtəlif aspektlərinə toxunmuşlar.
Konfrans iştirakçılarına Ümummilli Lider haqqında türk dilində çap edilən kitablar təqdim olunmuşdur.
Yubiley tədbiri Azərbaycandan gələn incəsənət ustalarının çıxışları ilə yekunlaşmışdır.