SİYASƏT
Türkiyənin “Analist” jurnalında Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri haqqında məqalə dərc olunmuşdur
İstanbul, 6 noyabr (AZƏRTAC). Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) “Analist” jurnalında Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair məqalə dərc olunmuşdur.
USAK-ın eksperti Turqut Dəmirtəpənin müəllifi olduğu məqalədə bildirilir ki, müstəqilliyini bərpa etdikdən bəri ən sürətli inkişaf dövrünü yaşayan, həyata keçirdiyi beynəlxalq enerji layihələri sayəsində xalqın rifahı gündən-günə yaxşılaşan Azərbaycanda İlham Əliyevin yenidən Prezident seçilməsi gözlənilən idi.
Müəllif yazır ki, prezident seçkilərində İlham Əliyevə ciddi rəqib yox idi. Çünki Azərbaycanda müxalifət əhalinin geniş hissəsini əhatə etmir. “Müxalifət” sözü daha çox müstəqilliyin ilk illərində ölkədə yaşanmış xaosla və qeyri-sabitliklə anılır.
Məqalədə bildirilir ki, Azərbaycanın neft gəlirlərinin səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı strateji plandır. Son illərdə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı xeyli dərəcədə artmışdır.
Müəllif məqalədə Azərbaycan dövlətinin xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, ölkəmizin geostrateji əhəmiyyəti və s. haqqında oxuculara ətraflı məlumat verir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul