DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİ AVROPA İTTİFAQINI İTTİHAM ETMİŞDİR
Ankara, 13 fevral (AZƏRTAC). Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzv ölkələrin səfirlərinə verdiyi nahar yeməyindəki çıxışında bu qurumu Türkiyəyə qarşı ikili standartlara əsaslanan siyasət yürütməkdə ittiham etmişdir.
Avropa ölkələrində hələ də Türkiyənin Avropa ölkəsi olması ilə bağlı şübhələrin davam etməsindən narazılığını bildirən Baş nazir vurğulamışdır ki, Avropa Parlamentinin onun ölkəsi ilə bağlı son hesabatı həqiqətdən uzaq və reallıqları əks etdirməyən bir sənəddir. Kiprin türk hissəsinin adanın birləşməsi ilə bağlı konstruktiv mövqeyinə baxmayaraq, yenə də tənqid hədəfi türklər olmuşdur. BMT-nin planını türklərin 76 faizi dəstəkləmiş, yunanların 60 faizi isə əleyhinə çıxmışdır. Kipr yunanları və Yunanıstan dövlətinin qeyri-konstruktiv mövqeyi yekun nəticə əldə edilməsinə mane olur.
Rəcəb Tayyib Ərdoğan xatırlatmışdır ki, Avropa İttifaqının bütün ölkələri Türkiyənin üzvlüyü ilə bağlı müzakirələrin başlanması sənədini imzalasalar da, indi bəzi ölkələrin liderləri bunun əleyhinə bəyanatlar verirlər. Bütün bunlara baxmayaraq, Ankara bu quruma üzvlük məsələsində əzmlidir və islahatları davam etdirəcəkdir.
Türkiyənin Xarici İşlər Nazirliyi də Avropa Parlamentinin Türkiyə ilə bağlı hesabatına etiraz edən bəyanat yaymışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara