SİYASƏT
Türkiyənin “Yeniçağ” qəzetində “Münasibətlər inkişaf etdikcə Heydər Əliyevə daha çox yaxınlaşırıq” sərlövhəli məqalə dərc olunub
![Türkiyənin “Yeniçağ” qəzetində “Münasibətlər inkişaf etdikcə Heydər Əliyevə daha çox yaxınlaşırıq” sərlövhəli məqalə dərc olunub](/files/2017/3/1200x630/1512986598568237130_1200x630.jpg)
İstanbul, 11 dekabr, AZƏRTAC
Türkiyənin çoxtirajlı “Yeniçağ” qəzetində Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən “Münasibətlər inkişaf etdikcə Heydər Əliyevə daha çox yaxınlaşırıq” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsullu Məsim Hacıyevin müəllifi olduğu məqalədə Ulu Öndərin “Bir millət, iki dövlətik” ifadəsinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi əsasında yaşadığı bildirilir.
Məqalədə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xilaskarlıq missiyası, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan və Türkiyə daxil olmaqla böyük bir coğrafiyanın inkişafına təsiri, bu layihələr əsasında gerçəkləşən və hazırda icra edilən digər strateji layihələr barədə geniş məlumat verilir. Müəllif Heydər Əliyev barədə görkəmli şəxsiyyətlərin ifadə etdikləri dəyərli fikirlərdən sitatlar gətirir.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verən Heydər Əliyevin həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələr iki qardaş ölkənin işıqlı gələcəyinə xidmət edir. Bu cür layihələrin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla icra olunduğunu qeyd edən müəllif bildirib ki, bunlardan biri də 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul