TÜRKMƏNİSTAN AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Mamedgəldiyevin başçılq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
O.Əsədov demişdir ki, Azərbaycan ilə Türkmənistan xalqları arasında əlaqələrin qədim tarixi vardır. Dövlətlərimiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da inkişaf etməyə başlamışdır. Prezidentlər İlham Əliyev ilə Qurbanqulu Berdiməhəmmədov arasındakı dostluq münasibətləri əlaqələrimizin inkişafında yeni mərhələ açmış, geniş imkanlar yaratmışdır.
Milli Məclisin sədri bildirmişdir ki, parlamentlərimiz arasında da əlaqələr getdikcə möhkəmlənir. Deputatlarımız beynəlxalq tədbirlər zamanı taleyüklü məsələlərdə çox vaxt eyni mövqedən çıxış edirlər. Hökumətlərarası komissiyanın fəaliyyətə başlaması da iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaratmışdır.
Sonra O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, problemin həlli ilə əlaqədar nümayiş etdirdiyi mövqeyə görə Türkmənistan tərəfinə minnətdarlıq etmişdir.
Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Mamedgəldiyev Azərbaycana səfərdən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirmişdir. Qonaq demişdir ki, Türkmənistan Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Səfərdən məqsəd həm hərbi, həm də digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün danışıqlar aparmaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.