SİYASƏT
TÜRKSOY-UN 18-Cİ TOPLANTISI
İyulun 16-da TÜRKSOY-un 10 illiyi münasibətilə bu beynəlxalq təşkilatın İstanbulda 18-ci toplantısı keçirilmişdir. Toplantıda TÜRKSOY-un üzvü olan mədəniyyət nazirləri ilə yanaşı Rusiya Federasiyası mədəniyyət nazirinin müavini, Rusiyanın Altay və Saxa (Yakutiya) respublikalarının mədəniyyət nazirləri, tanınmış yazıçılar və mədəniyyət xadimləri iştirak etmişlər.
TÜRKSOY-un növbəti toplantısının əlaqələndiricisi, Türkiyə respublikasının mədəniyyət naziri B.Suat Çağlayanın məruzəsindən sonra toplantıda iştirakçı ölkələrin mədəniyyət nazirləri çıxış etdilər. Onlar ötən on il ərzində TÜRKSOY-un beynəlxalq aləmdə nüfuz qazanmasından, zəngin ümumtürk mədəniyyətinin təbliği sahəsində görülən işlərin əhəmiyyətindən danışdılar.
Azərbaycanın mədəniyyət naziri, TÜRKSOY-un baş direktoru Polad Bülbüloğlu Azərbaycan Prezidenti Heydər Əliyevin bu beynəlxalq təşkilatın fəaliyyətinə yüksək qiymət verdiyini bildirərək, onun ölkəmizlə səmərəli əməkdaşlığından danışdı, Məhəmməd Füzulinin 500 illik və “Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin ölkəmizdə və YUNESKO tərəfindən Parisdə bayram edilməsində, habelə “Dədə Qorqud” ensiklopediyasının nəşrində TÜRKSOY-un fəal iştirak etdiyini vurğuladı.
TÜRKSOY-un 19-cu toplantısını 2003-cü ilin yanvar ayında Azərbaycanda keçirmək qərara alındı.
Sonra TÜRKSOY-un 10 illiyinə həsr edilmiş təntənəli gecə keçirildi. Gecədə Polad Bülbüloğlu təşkilatın keçdiyi yolu səciyyələndirərək, TÜRKSOY-un türkdilli xalqların milli mənəviyyatını yaşadan, dil və soy birliyini təmin edən, minillik mədəni zənginliyinə sahib çıxan və bu dəyərləri dünyaya tanıdan nüfuzlu təşkilata çevrildiyini bildirdi.
Gecədə Oljas Süleymenov və Anar da çıxış etdilər. Daha sonra mədəniyyət nazirləri türkdilli ölkələrin prezientlərinin TÜRKSOY-a təbrik məktublarını oxudular.
TÜRKSOY-un bu il ilk dəfə verilən beynəlxalq mükafatı tanınmış xakas türkoloqu və etnoqrafı Viktor Butanayeva təqdim edildi. Türkdilli dövlətlərin başçılarına və xalqlarına TÜRKSOY-un Müraciəti qəbul olundu, 18-ci toplantının yekun sənədləri imzalandı.
Türkdilli ölkələrin mədəniyyət nazirləri və nümayəndə heyətləri İstanbulun “Yıldız Sarayı”nda Türk dünyası rəssamlarının rəsm sərgisinin açılışında da iştirak etdilər.Burada gənc Azərbaycan rəssamı Rəşad Mehdiyevə TÜRKSOY-un xüsusi mükafatı təqdim olundu.
TÜRKSOY-un 18-ci toplantısı ertəsi gün, iyulun 17-də Ankara şəhərində davam etdi. Mədəniyyət nazirləri Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdikdən sonra TÜRKSOY-un binasının təməlinin qoyulması mərasimində iştirak etdilər. Daha sonra türkdilli dövlətlərin mədəniyyət nazirləri Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı ilə görüşdülər.