İQTİSADİYYAT
Üç min 226 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar edilmişdir
Bakı, 10 mart (AZƏRTAC). 2012-ci ilin fevral ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3 min 226 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar edilmişdir.
1687 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 346-da qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 192-nin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 619-nun xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilmişdir.
Operativ nəzarət tədbirləri zamanı 224 vergi ödəyicisi tərəfindən 454 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 123-si tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 35-də aksiz markaları ilə müvafiq qaydada markalanmamış 499 ədəd mal olduğu aşkarlanmışdır.
Yuxarıda qeyd olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülmüşdür.