DÜNYA
Ukraynada əkin aparılan sahələr ötən ilə nisbətən 20-30 faiz azalıb
Bakı, 11 may, AZƏRTAC
Cari mövsüm Ukraynada əkiləcək kənd təsərrüfatı sahələrinin həcmi ötən ildəki göstəricidən geri qalır, məhsuldan asılı olaraq bu geriləmə 20-30 faiz təşkil edir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski jurnalistlərin suallarını cavablandıran zaman deyib.
“Əkinlərin keyfiyyəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bu, qlobal bazarlara pis təsir edir. Orta və uzunmüddətli perspektivdə vəziyyət daha da ağırlaşacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı, bir sıra digər amillər, ilk növbədə logistika problemləri də əkin mövsümünün gedişinə mənfi təsir göstərir. Kənd təsərrüfatı məhsullarının və yanacağın saxlanmasında çətinliklər mövcuddur. Bu amillər həm kənd təsərrüfatı məhsullarının həcminin azalmasına, həm də keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Mayın 5-nə olan məlumata əsasən, Ukraynada 7,1 milyon hektar sahədə əkin işləri həyata keçirilib ki, bu da cari mövsüm üçün nəzərdə tutulan 14,4 milyon hektarın 49,3 faizini təşkil edir. Ukraynanın Baş naziri Denis Şmıqal bu mövsüm təxminən 14,2 milyon hektar kənd təsərrüfatı sahəsinin əkiləcəyini deyib. Bu ötən ilki göstəricinin 80 faizinə bərabərdir.