SİYASƏT
Ukraynanın Baş naziri Nikolay Azarov İqtisadi Əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının nəticələrini yüksək qiymətləndirmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/1407926840586144828_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926840858125474_1200x630.jpg)
Kiyev, 14 noyabr (AZƏRTAC). Ukraynanın Baş naziri Nikolay Azarov İqtisadi Əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının bu gün, noyabrın 14-də başa çatmış 10-cu iclasının nəticələrini yüksək qiymətləndirmişdir.
AZƏRTAC Ukraynanın hökumət portalına istinadla xəbər verir ki, N.Azarov bu fikri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə söyləmişdir.
Nikolay Azarov demişdir: “Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası uğurlu olmuşdur”.
Ukrayna hökumətinin başçısı iqtisadi sahədə də ikitərəfli münasibətlərin yüksək səviyyədə və müsbət istiqamətdə inkişafını vurğulamışdır. O, ticari-iqtisadi, energetika, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığın ikitərəfli münasibətlərin ən mühüm istiqamətləri olduğunu qeyd etmişdir. Baş nazir Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmini azı bir milyard dollara qədər artırmağın zəruri olmasına diqqəti cəlb etmişdir.
Azərbaycan nümayəndə heyətini Hökumətin yeni tərkibinin təyin edilməsi münasibətilə təbrik edən Nikolay Azarov ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin yaxın gələcəkdə Ukraynaya səfəri də uğurlu olacaqdır.
Tərəflər iqtisadi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsini qarşılıqlı dəstəklədiklərini bildirmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev