CƏMİYYƏT
Ukraynanın populyar qəzetində məşhur azərbaycanlı cərrah Məmməd Bağırovun apardığı nadir əməliyyatla bağlı məqalə dərc edilib
Kiyev, 25 avqust (AZƏRTAC). Ukraynada çıxan “Faktı i kommentarii” adlı populyar gündəlik qəzetdə “34 il bədənimdə gəzdirdiyim şiş birdən-birə çiynimi sıxdı” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Ukrayna Səhiyyə Nazirliyinin P.L.Şupik adına Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyasının torakal cərrahiyyə kafedrasının professoru, tibb elmləri doktoru, bu ölkədəki Azərbaycan diasporunun ağsaqqalı Məmməd Bağırov tərəfindən aparılmış nadir əməliyyatdan bəhs edilir.
İstedadlı cərrah Kiyevdəki 17 nömrəli xəstəxanada çalışan həmkarları ilə birlikdə 38 yaşlı Lutsk sakini Oksana Dovqopolyukun bədənindəki bədxassəli şişi kəsib götürüb. Bu şiş uzun illər boyunca Oksananın ağciyər, qida borusu, nəfəs yolunu, ürək və şah damarlar kimi orqanlarına əziyyət verirdi.
Məmməd Bağırov deyib: “Biz Oksananın bədənindəki şişi kəsib götürən kimi dərhal ürəyin, qida borusunun və damarların funksiyaları bərpa olundu, ağciyər isə hərəkətə gəldi”.
Jurnalistin “Vaxtında müalicə edilməmiş xəstəlikləri olan insanlar sizə tez-tez müraciət edirlərmi?” sualına professor M.Bağırov belə cavab verib: “Bəli. Bizə Ukraynanın müxtəlif şəhərlərindən pasiyentlər müraciət edirlər, onlara evdə kömək edə bilməyiblər. Yaxın vaxtlarda biz beşinci mərtəbədən yıxılandan sonra sanki möcüzə nəticəsində sağ qalmış doqquz yaşlı oğlanı əməliyyat etdik. Uşaqda kəllə-beyin travması var idi, ombası sınmışdı, bronxial boru qırıldığına görə praktik olaraq nəfəs ala bilmirdi, fısıldayırdı. Ağciyərdə çox güclü iltihab prosesi gedirdi. Biz oğlan üzərində ağır əməliyyat apardıq, bronxial boruları bərpa etdik. Daha iki həftə ərzində onun irinli bronxiti müalicə edildi. Uşaq klinikadan evə buraxılanda artıq sinədolusu nəfəs alırdı, ağciyərin və bronxial boruların funksiyaları isə tamamilə bərpa olunmuşdu.
Materialın tam mətni və şəkillərlə bu link vasitəsilə tanış ola bilərsiniz: http://fakty.ua/186807-v-kakoj-to-moment-opuhol-s-kotoroj-ya-prozhila-34-goda-zadela-plecho.
AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, avqustun 22-də Ukraynanın paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz və Ukrayna Səhiyyə Nazirliyinin P.L.Şupik adına Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Xatırladaq ki, bu akademiyanın 74 kafedrasında çalışan elmi-pedaqoji əməkdaşlar arasında 2 Ukrayna Qəhrəmanı, 7 akademik, 330 elmlər doktoru var.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri