ULU ÖNDƏR AZƏRBAYCAN XALQININ XİLASKARI KİMİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYACAQDIR
Səbail rayonundakı 91 nömrəli məktəbin VII-XI sinif şagirdləri arasında bu mövzuda keçirilən müsabiqəyə yekun vurulmuşdur. Müsabiqənin qalibi, dərs əlaçısı IX sinif şagirdi İlahə Xəlilova ümummilli lider, unudulmaz dahi şəxsiyyət Heydər Əliyev haqqında düşüncələrində yazır:
“...Mən 1993-cü ildə anadan olmuşam. Ölkəmizin dövlət müstəqilliyi əldə etdiyi ərəfədə Azərbaycanda, xüsusilə Bakıda nələr baş verdiyini, təbiidir ki, sonralar, yaşa dolduqca mətbuat səhifələrindən, televiziya verilişlərindən, valideynlərimdən öyrənmişəm.
Doğrudan da, o illərdə xalqımız kəşməkəşli bir dövr yaşamışdır. Azərbaycana başçılıq edən üzdəniraq “rəhbərlər” ölkəmizi dağılmaq, müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Bir sıra bölgələrdə vətəndaş qarşıdurması yaranmışdı. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzünün davam etdiyi vaxtda qardaş qanı axıdılırdı. Çıxılmaz vəziyyətə düşən xalqımızın ulu öndərə təkidli müraciətlərindən və yalnız onun hakimiyyətə qayıdışından sonra, çox şükürlər olsun ki, Azərbaycanda sabitlik, əmin-amanlıq yarandı, geniş miqyasda quruculuq işləri başlandı.
İndi iqtisadi potensialı və siyasi nüfuzu günbəgün artan Azərbaycan Respublikasının haqq səsi bütün beynəlxalq təşkilatların tribunalarından eşidilir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə doğma vətənimiz insan hüquq və azadlıqlarının qorunduğu, həyat səviyyəsinin getdikcə yüksəldiyi bir ölkəyə çevrilir”.
Məktəbin direktoru Svetlana Zülfüqarova bildirmişdir ki, unudulmaz, əfsanəvi şəxsiyyət Heydər Əliyevin doğum günü ərəfəsində hər il yuxarı sinif şagirdləri arasında belə müsabiqə və digər tədbirlərdə məktəblilər həvəslə iştirak edir, ulu öndərin hər bir azərbaycanlıya parlaq örnək olan mənalı həyat yolunu və müqayisəedilməz dərəcədə titanik fəaliyyətini, habelə zəngin siyasi irsini bir daha sevə-sevə öyrənirlər.