Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi Daxili İşlər Nazirliyində qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük təntənə ilə qeyd edilir. Bu əlamətdar tarixlə əlaqədar mayın 10-da Daxili İşlər Nazirliyində (DİN) gənc əməkdaşların iştirakı ilə tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.
Nazir müavini bu dahi şəxsiyyətin zəngin həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dərindən öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib. İ.Əliyev Ümummilli Liderimizin siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.