ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ
AZƏRTAC xəbər verir ki, aprelin 12-də Qafqaz Universitetində bu ali məktəb ilə Ağdam rayonunun Bakıda fəaliyyət göstərən 149 nömrəli ümumtəhsil məktəbi birlikdə xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Türkiyə, bir millətin sədası” mövzusunda tədbir keçirmişlər.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışmış, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarının əbədi yaşayacağını vurğulamış, tədbirin əhəmiyyətini qeyd etmişdir.
Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən ölkəsi ilə Azərbaycanın tarixi birliyindən bəhs etmişdir. O, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmış və ümummilli liderin ölkələrimiz arasında münasibətlərin inkişafında müstəsna xidmətlərini diqqətə çatdırmışdır.
S.Dikmən Ağdam rayonunun 149 nömrəli ümumtəhsil məktəbinə daim lazımi diqqət və qayğı göstəriləcəyini söyləmişdir.
Məktəbin direktoru Arzu Möhsümova ümummilli liderimiz Heydər Əliyevin təhsilimizin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirmiş, rəhbərlik etdiyi pilot məktəbində təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çarpdırmışdır.
Sonra ağdamlı şagirdlər maraqlı konsert proqramı ilə çıxış etmişlər.