Ulu Öndərin elm və mədəniyyətin inkişafında müstəsna xidmətləri var
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin yaranmasından və inkişafından danışıb. Həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyəti qeyd edilib.
Daha sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın məruzəsi dinlənilib. Ombudsman Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsindəki fəaliyyətdən bəhs edib, Ulu Öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğulayıb. Məruzədə qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquqlarının ardıcıl və sistemli inkişafının özülü qoyulub, hüquqların təmini məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul edilib, fərman və sərəncamlar imzalanıb.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev görkəmli siyasi xadim Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına çevrilməsindəki fəaliyyəti haqqında məlumat verib.
AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Azərbaycanda ictimai-siyasi sabitliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd edib, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin daha dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filmi nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.