SİYASƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanda olduğu kimi, Rusiyada da hər zaman ehtiramla yad edilir
![](/files/galleryphoto/2017/3/1200x630/15131590552452660928_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131590555237410361_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131590554758622484_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131590555699350199_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131590554988441068_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15131590554798525283_1200x630.jpg)
Moskva, 13 dekabr, AZƏRTAC
Moskva vilayətinin Domodedovo şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xalqlar Dostluğu” Xeyriyyə Fondunun və Moskva vilayətindəki Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Domodedovo Şəhər Dumasının Deputatlar Şurasının sədri Leonid Kovalevski, Moskva Vilayəti Dumasının deputatı, “Yedinaya Rossiya” partiyasının Domodedovo şəhəri üzrə bölməsinin sədri Dmitri Qorodetski, Domodedovo Şəhər Administrasiyası rəhbərinin birinci müavini Marina Vedernikova, Domodedovo Şəhər Şurasının deputatı, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əlizaman Rəhimov, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Moskva vilayətindəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Anım mərasimi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Filmdə Heydər Əliyevin Moskvada çalışdığı dövrdəki fəaliyyətindən, Rusiyanın regionlarında gördüyü işlərdən bəhs olunub. Filmdə Rusiya regionlarının rəhbərləri Heydər Əliyevin Sovet İttifaqı dövründə regionların inkişafı üçün gördüyü işlərin əvəzolunmaz olduğunu qeyd ediblər.
Tədbiri açan “Xalqlar Dostluğu” Fondunun prezidenti, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər üzrə Ekspertlər Şurasının üzvü Araz Mürsəliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. O deyib ki, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi Azərbaycanda olduğu kimi, Rusiyada da ehtiramla anılır. Böyük siyasi istedada, dövlətçilik zəkasına malik olmuş ulu öndər Heydər Əliyevin adı əbədi olaraq müasir Azərbaycanın memarı kimi tarixə yazılıb. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevi siyasi nəhəng və Rusiyanın böyük dostu adlandırıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxışında Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərindəki rolundan, onun xatirəsinin Rusiyada əziz tutulmasından danışaraq deyib: “Bildiyiniz kimi, Ümummilli Liderin həyatının bir hissəsi Moskva ilə bağlı olub. Onun Sovet İttifaqı dövründə Moskvada çalışdığı illərdə gördüyü işləri rusiyalılar hələ də unutmayıblar. Heydər Əliyevin Rusiyanın regionlarının inkişafı ilə bağlı həyata keçirdiyi layihələr böyük əhəmiyyətə malikdir. Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Moskva vilayətində də Ulu Öndərin anım mərasiminin keçirilməsi Heydər Əliyevin xatirəsinin əbədi olaraq rusiyalıların ürəyində iz qoymasına dəlalət edir”.
Moskva Vilayəti Dumasının deputatı, hakim “Yedinaya Rossiya” partiyasının Domodedovo şəhəri üzrə bölməsinin sədri Dmitri Qorodetski çıxışında Heydər Əliyevin Sovet İttifaqının liderlərindən biri olduğunu xatırladaraq deyib: “Heydər Əliyev kimi dövlət xadimləri yüz ildən bir dünyaya gəlir. Onun Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini olduğu vaxtları yaxşı xatırlayıram. Heydər Əliyevin keçmiş SSRİ üçün gördüyü işlər unudulmazdır. Təəssüflər olsun ki, Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifədən uzaqlaşdırıldı. Bu da Sovet İttifaqının dağılmasına gətirib çıxardı”.
Domodedovo Şəhər Dumasının Deputatlar Şurasının sədri Leonid Kovalevski, Domodedovo Şəhər Administrasiyası rəhbərinin birinci müavini Marina Vedernikova Heydər Əliyevin əziz xatirəsinin anılmasının Moskva vilayətində ənənəyə çevrildiyini qeyd ediblər.
Tədbirdə çıxış edən Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi İlqar Hacıyev, RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev və digər diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsinin bütün azərbaycanlıların ürəyində daim yaşayacağını vurğulayıb, onun Rusiya-Azərbaycan dostluğuna verdiyi töhfələrdən danışıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva