Ümummilli Lider tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir
Sumqayıt, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Gənclər Günü Sumqayıt şəhərində də qeyd olunub. Şəhər icra hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını təbrik edərək Gənclər Gününün yaranma tarixindən danışıb. Bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsis olunan bu əlamətdar tarix Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. “Müstəqilliyimizin ilk illərində Ümummilli Lider tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir”, - deyən Zakir Fərəcov vurğulayıb ki, dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə edərək özlərini doğruldurlar. Azərbaycan gəncləri dövlət orqanlarında, özəl sektorda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Şəhər icra hakimiyyətinin başçısı Sumqayıt şəhərində son illərdə həyata keçirilən layihələrə diqqət çəkərək qeyd edib ki, görülmüş işlər gənclərin inkişafına, məşğulluğunun artırılmasına, asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlib.
Sonda şəhərin ictimai həyatında, təhsil və idmanda nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Bayram tədbiri süfrə arxasında maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.