CƏMİYYƏT
UNA-nın rəsmi saytında AZƏRTAC-la əməkdaşlığın perspektivləri barədə material yayımlanıb
Qahirə, 28 yanvar, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) rəsmi saytında “AZƏRTAC-ın İdarə Heyətinin sədri ilə UNA-nın planı müzakirə edilib” sərlövhəli xəbər yayımlanıb.
Materialda qeyd olunub ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və UNA-nın baş direktor əvəzi Məhəmməd Əbd Rabbi əl-Yami arasında yanvarın 27-də keçirilən onlayn görüşdə İƏT-ə üzv ölkələrin əsas media platforması olan birliyin fəaliyyət istiqamətləri, İslam dəyərlərinə söykənən media sənayesinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin rəsmi informasiya agentlikləri vasitəsilə üzv dövlətlərə strateji məsləhətlərin verilməsi, jurnalistlər üçün kursların keçirilməsi müzakirə edilib.
Xəbərdə qeyd olunub ki, AZƏRTAC-ın rəhbəri İƏT-ə üzv ölkələrin KİV-lə əlaqələrinin və jurnalistlərin əməkdaşlığının möhkəmlənməsində UNA-nın rolunu yüksək qiymətləndirib, həmçinin birliyin yeni planının əhəmiyyətini vurğulayıb. A.Aslanov əlavə edib ki, Azərbaycan İƏT ölkələri ilə əməkdaşlığın inkişafına böyük önəm verir, onun rəhbərlik etdiyi agentlik isə UNA-nın fəaliyyətinin daha uğurlu olması istiqamətində səylərini əsirgəmir. AZƏRTAC-ın İdarə Heyətinin sədri İƏT-in Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm dəstəyini də vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə