İQTİSADİYYAT
“Unibank” 9,75 faizli istiqrazların emissiyasına başlayıb
Bakı, 20 dekabr, AZƏRTAC
“Unibank” Azərbaycan Səhmdar Cəmiyyətinin 20 milyon manatlıq istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9,75 faizdir. Oxşar məbləğ üzrə əvvəlki buraxılış bank tərəfindən dekabrın 4-də tam şəkildə və vaxtında ödənilib. Yeni buraxılış üzrə faiz kuponu əvvəlki ilə müqayisədə daha aşağıdır.
Bu, bankın kapital bazarlarında mövqeyinin daha da güclənməsi və investorların bankın istiqrazlarına olan maraqlarının artması ilə əlaqədardır. Bankın maliyyə sabitliyi, keyfiyyətli və diversifikasiyalı kredit portfeli beynəlxalq qurumlar tərəfindən də hər zaman qiymətləndirilib. Bankın bazarda mövqeyinin güclənməsi, Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də öz əksini tapıb.
Yerləşdirmənin anderrayteri qismində Unicapital və maketmeykeri kimi “PAŞA Bank” çıxış edir. Yerləşdirilmə Bakı Fond Birjasında dekabrın 24-də həyata keçiriləcək. Cəlb olunmuş vəsaitləri “Unibank” kiçik və orta biznesin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.