CƏMİYYƏT
Uşaqlar üçün “Öyrən, idarə et, lider ol” mövzusunda təlim keçirilir
Bakı, 24 iyul (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəb-liseydə “Öyrən, idarə et, lider ol” mövzusunda təlim keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimin məqsədi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə fəal iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsidir.
Bakı rayonlarını təmsil edən 25 məktəblinin iştirak etdiyi beş günlük təlim zamanı müxtəlif mövzularda müzakirələr aparılıb.
Uşaqlar liderlik keyfiyyətlərinin inkişafı, lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönlülük, məsuliyyətlilik, komanda ilə iş bacarığı, eləcə də cari ilin noyabr ayında keçiriləcək III Ümumrespublika Uşaq Forumunda müzakirə ediləcək müxtəlif mövzulara dair ətraflı məlumatlar əldə ediblər.
Təlimin sonuncu günü “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil ediləcək və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.