MƏDƏNİYYƏT
V Qəbələ Beynəlxalq Musiqi Festivalının sonuncu günündə təqdim edilən daha bir kamera musiqisi axşamı hərarətlə qarşılanmışdır
Qəbələ, 6 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələdə Beynəlxalq Musiqi Festivalı artıq sona çatmaqdadır.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 6-da dünya şöhrətli musiqiçilərin ifasında növbəti maraqlı konsert proqramı təqdim edilmişdir.
Konsertdə Brüssel Kamera Orkestrinin baş dirijoru, “Arriaqa” simli kvartetinin və “Michael Guttman Tango Quartet”in rəhbəri, dünya şöhrətli belçikalı skripka ifaçısı Mixayıl Qutman və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə məşhur bəstəkar Fransis Pulenkin skripka və piano üçün sonatasını təqdim etmişlər.
Daha sonra müxtəlif nüfuzlu festivalların iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, tanınmış rusiyalı pianoçu Evelina Berezovskaya bəstəkar Robert Şumanın “Davidsbundler rəqsləri”ni ifa etmişdir.
Kamera musiqisi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və skripkaçı Mixayıl Qutmanın ifalarında təqdim olunan Qara Qarayevin skripka və piano üçün sonatası tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.