VADİM ZELAND: “HƏR KƏS ÖZ TALEYİNİ ÖZÜ SEÇİR VƏ REALLIĞINI ÖZÜ İDARƏ EDİR”
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, satış sürətinə və miqyasına görə ən populyar bestsellerləri geridə qoyan “Reallığın transerfinqi” kitabı təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da geniş yayılmışdır.
Populyar rusiyalı müəllif Vadim Zelandın beşcildlik “Reallığın transerfinqi” kitabında kainatın bir sıra qanunlarına və insan həyatında baş verənlərə tamamilə yeni yanaşma və fərqli baxış mexanizmləri əks olunmuşdur. Müəllif özü bunu sivilizasiyaların qədim biliklərindən qaynaqlandığını bildirir və deyir ki, bu biliklər sosium tərəfindən bizə zorla qəbul etdirilən mental şablonların və yalançı stereotiplərin yaratdığı səddi çətinliklə keçir. Kitabda deyilir ki, hər bir insan mübarizə aparmadan, yalnız ətrafdakılara münasibətini dəyişməklə, müəllifin təklif etdiyi güclü texniki transerfinq vasitəsilə stereotipləri qırmaqla həyatda uğur qazana, ən pünhan arzularına yetişə, xoşbəxt ola bilər. V.Zeland dünyanı qavramağın yeni modelini - insanın varlığının və şüurunun müxtəlif psixioloji cəhətlərinə toxunaraq, həyatda bir çox komplekslərdən və arzuolunmaz hadisələrdən can qurtarmaq üçün qeyri-adi metod təklif edir. Əsas məsələ budur ki, hər kəs öz reallığını özü idarə edə və taleyini özü seçə bilər.
Maraqlıdır ki, Vadim Zelandın kitabının ümumi tirajı 1 milyonu keçmişdir və kitaba tələbat gündən-günə artır. Müəllifin kitabları Almaniya, Yaponiya, Honkonq, Çexiya, Slovakiya, Bolqarıstan, Latviya və Litvada nəşr olunmuşdur və Böyük Britaniya, Polşa, Sloveniya, Serbiyada nəşrə hazırlanır. Zelandın əsərləri internet-forumlarda qızğın müzakirə olunur. Onlarla oxucu yazır ki, transerfinq texnikası qeyri-adi təsir göstərir və onların həyatı xeyli yaxşılaşmış, görünməmiş uğurlar qazanmışlar.
Vadim Zeland AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, transerfinqin Azərbaycanda nəşr olunmasından böyük şərəf duyardı.
Müəllif vurğulamışdır ki, İslam Konfransı Təşkilatının bu əsərlə maraqlanması onu çox sevindirir. Təşkilatın nümayəndələrinin dediklərinə görə, “...kitabda əks olunan ideyalar islam mənbələrində aydın təsdiqini tapmış və hətta, islamın bir çox təlimlərinin mahiyyətini indiyədək olduğundan daha aydın açıb göstərir”.
“Kitabın uğurunun sirri nədədi?” sualına Vadim Zeland belə cavab vermişdir. “Mənə eyni məzmunlu yüzlərlə məktub gəlir. Oxucular yazırlar ki, transerfinq onların yeknəsək düşüncələrinin nizamlı izahıdır. İndi onlar şüuraltı düşüncələrinin dəqiq ifadəsini tapmışlar. Hər şey çox aydındır. Bu isə insanların xoşuna gəlir. Onlar bu Biliyi özlərininki kimi qəbul edirlər”.
“VES” nəşriyyatında müəllifin “Reallığın transerfinqi” beşcildliyi, “Yuxuların forumu” ikicildliyi, “Reallıqları yaradan”, “78 günə transerfinqin praktiki kursu” kitabları, habelə onların CD-disklərdə audio variantları buraxılmışdır.