SİYASƏT
VAŞİNQTONDA ABŞ-AZƏRBAYCAN DİALOQUNUN NÖVBƏTİ RAUNDU
Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ-Azərbaycan ikitərəfli təhlükəsizlik dialoqunun növbəti raundunda iştirak etmək üçün Vaşinqtona səfərə gəlmişdir. Dialoqda onun tərəf-müqabili dövlət katibinin siyasi-hərbi məsələlər üzrə müavini Linkoln Blumfelddir. Mayın 23-24-də təhlükəsizlik dialoqu çərçivəsində məsləhətləşmələr aparan Araz Əzimov, eyni zamanda, bir sıra görüşlər də keçirmişdir. Pentaqonda müdafiə nazirinin müavini Pol Volfvits, Milli Təhlükəsizlik Şurasının, Konqresin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə və Dövlət Departamentində keçirilən görüşlərdə 11 sentyabr hadisələrindən sonra müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı, Cənubi Qafqaz bölgəsinin coğrafi-siyasi reallıqları, Birləşmiş Ştatların GUÖAM-la əməkdaşlığı və digər məsələlər diqqət mərkəzində olmuşdur.
Danışıqları AZƏRTAC-ın müxbiri ilə söhbətində şərh edən xarici işlər nazirinin müavini bildirmişdir ki, 907-ci düzəlişin qüvvəsinin dayandırılmasından sonra açılan imkanlar Azərbaycan-ABŞ əməkdaşlığının bütün sahələrdə intensivləşməsinə səbəb olmuşdur. Təhlükəsizlik dialoqu vasitəsilə yeni perspektivlər müzakirə edilir, onların həyata keçirilməsi yollarına baxılır.
Vaşinqtonda olduğu müddətdə Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Rudolf Perina ilə təkbətək görüş də keçirmişdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi müzakirə olunmuşdur.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton