CƏMİYYƏT
Vəkillər Kollegiyası: Prezident İlham Əliyevin Fərmanı Azərbaycan vəkilliyinin tarixində silinməz iz qoyacaq
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə bağlı bəyanat yayıb.
Vəkillər Kollegiyasından AZƏRTAC-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası hüquq islahatlarının dərinləşdirilməsi sahəsində dövlətimizin başçısının imzaladığı Fərmanı günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addım, ədalət mühakiməsinə verilən töhfə məhkəmə-hüquq sistemində olduğu kimi, Azərbaycan vəkilliyinin tarixində də silinməz iz qoyacaq və ali yüksəlişə aparacaq islahat kimi qiymətləndirir. Vurğulanıb ki, Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi məhkəməyə müraciət imkanlarını daha da genişləndirəcək, məhkəmələrin fəaliyyətində şəffaflığı artıracaq, məhkəmə icraatının səmərəliliyini yüksəldəcək, məhkəmə qərarlarının tam və vaxtında icra olunmasına, süründürməçiliyin və digər mənfi halların aradan qaldırılmasına kömək edəcək.
Bəyanatda qeyd olunub ki, Fərmanda nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiə olunması, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsi yolunda vəkillərin qarşılaşdıqları çətinlikləri aradan qaldıracaq.
Fərmanın cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması barədə tələbi dövlət hesabına göstərilən hüquqi yardımın səmərəliliyini artıracaq. Bu isə vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuş keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edəcək.
“Azərbaycan Respublikası Vəkillər Kollegiyasının adından bəyan edirik ki, Prezident İlham Əliyevin imzaladığı bu Fərmandan irəli gələn, ölkəmizin davamlı tərəqqisinə, hüquq sisteminin sağlamlaşmasına, ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş bütün məsələlərin həllində həm vətəndaş, həm də vəkil mövqeyimizi nümayiş etdirməklə fəal şəkildə iştirak edəcək, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik”, - deyə bəyanatda bildirilib.