VELİKİ NOVQOROD: “RUSİYANIN MİNİLLİYİ ABİDƏSİ”
Bakı, 26 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun ilk həftəsində Rusiya İnformasiya Teleqraf Agentliyinin (İTAR-TASS) təşkilatçılığı ilə keçirilmiş “Rusiya bu gün - müasir mərhələdə gənclər siyasəti” adlı seminarda iştirak etmiş Azərbaycan jurnalistləri Veliki Novqorod şəhərində də olmuşlar.
Veliki Novqorod ölkənin böyük turizm potensialına malik regionlarından biridir. Təsadüfi deyildir ki, turizm şəhərin inkişafının strateji mühüm istiqaməti kimi qiymətləndirilir. Şəhər turistləri özünün nadir mədəni-tarixi irsinin zənginliyi ilə cəlb edir. Burada saysız-hesabsız memarlıq abidələri vardır. 1992-ci ildə bu abidələr YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmişdir.
Bu abidələrdən biri də 1862-ci ildə M.O.Mikeşinin layihəsi əsasında Novqorod Kremlinin mərkəzində ucaldılmış, görünüşü ilə zəngi xatırladan “Rusiyanın minilliyi” abidəsidir.
Abidədə ölkənin çoxillik tarixinin əsas hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır. Novqorod, onun tarixinin şanlı səhifələri, dövlət xadimlərinin, keşişlərin, qurucu və rəssamların əməlləri Rusiya tarixinin və mədəniyyətinin tərkib hissəsi kimi abidədə layiqincə əks olunmuşdur. Monumentin əsas mahiyyəti onun zirvəsindəki heykəl qrupunda ifadə olunmuşdur. Burada diz çökmüş qadına xeyir-dua verən mələk təsvir edilmişdir. Abidənin yuxarı hissəsi hakimiyyət rəmzi - çar hakimiyyətinin emblemi olan kürəni xatırladır. Onun üzərində diz çökmüş qadın Rusiyanı, əlində xaç olan mələk isə pravoslav kilsəsinin təcəssümüdür. Kürənin ətrafında Rusiya tarixinin 6 başlıca epoxasını əks etdirən 6 heykəl qrupu vardır. Hər qrup dünyanın müəyyən hissəsinə yönəlmişdir və hökmdarlardan hər birinin bu və ya digər tərəfdən Rusiya sərhədini möhkəmləndirməsinə işarədir. Birinci qrupa (“Rus dövlətinin əsasının qoyulması”) əfsanəvi Ryurik və bütpərəst Perununun fiqurları daxildir. İkinci qrup “Xristianlığın tətbiqi”ni əks etdirir. Burada Kiyev knyazı Vladimir, ona uşaq uzadan qadın və bütpərəst iblisə qalib gəlmiş slavyan təsvir olunmuşdur. Üçüncü qrup “Rusun tatar zülmündən azad olunmasının başlanğıcı”nı əks etdirir. Burada Dmitri Donskoyu görürük. Dördüncü qrupda (“Mütləqiyyətin əsasının qoyulması”) hakimiyyət nişanı boncuk qəbul edən knyaz III İvan təsvir olunmuşdur. Beşinci qrupun mövzusu “Romanovlar sülaləsinin başlanğıcı”dır. Burada sülalənin banisi Mixail Fyodoroviç Romanov, onu qılıncla müdafiə edən knyaz Pojarski, çara Monomaxın papağını təqdim edən Kozma Minin və hökmdar əsası (skipetr) təmsil olunmuşdur. Altıncı qrup “Rusiya imperiyasının əsasının qoyulması”nı göstərir. Buraya I Pyotr və ona yeni paytaxtın tikildiyi Şimalı göstərən qanadlı mələk daxildir.
Abidənin aşağı hissəsi onu dövrələyən qorelyefdən ibarətdir. Qorelyefdə Rusiyanın görkəmli xadimləri təsvir edilmişdir. Onlar 4 qrupda - maarifpərvərlər, dövlət adamları, hərbçilər və qəhrəmanlar, yazıçılar və rəssamlar qruplarında birləşmişlər. Ümumiyyətlə, abidənin üzərində 129 tunc heykəl vardır. Onun hündürlüyü 15 metrdir. Bəzi fiqurların hündürlüyü 3,3 metrə çatır və 2,5 tondan ağırdır. Abidənin çəkisi 10 min tondur. Onun açılış mərasimində çar II Aleksandr iştirak etmişdir.
Abidə YUNESKO-nun mühafizəsi altındadır.
######
![]() |
![]() |

