REGİONLAR
“VətənimİZ” devizi ilə keçirilən tədbirlərə mindən çox gənc cəlb olunub
Qusar, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
“VətənimİZ” devizi ilə keçirilən tədbirlərə respublikanın 17 şəhər və rayonunda, ümumilikdə, mindən çox gənc cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllü hərəkatları təmsil edən və fəal gənclər dekabrın 2-də Qusar və Qubada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev mərkəzləri ilə tanış olublar.
“VətənimİZ” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində reallaşıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsənilməsi işinə töhfə vermək məqsədi ilə keçirilən tədbirlərə cəlb olunan könüllülər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlər izləyiblər.
“Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək bütün ölkə üzrə tədbirlərlə davam edəcək. Növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.
Dekabr ayının 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı qazanacaqlar.